Sabirabadda kitab bayramı

 

   Mayın 24-də Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar ənənəvi kitab bayramı keçirilib.

   Tədbirdə Sabirabad rayon ziyalıları, idarə, müəssisə, təşkilat rəhbərləri, məktəblilər, tələbələr, fəal oxucular iştirak ediblər. İştirakçılar əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Tədbir Sabirabad rayon Ü.Hacıbəyli adına 7 illik musiqi məktəbi kollektivinin “Heydər Əliyev haqqında mahnı” adlı xor ifası ilə başlayıb.

   Sonra rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov çıxış edərək dahi şəxsiyyətin həyat və fəaliyyətindən, mədəniyyətimizin inkişafı sahəsində gördüyü işlərdən danışıb.

   Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Arif Əliyev tədbir iştirakçılarını salamlayaraq kitabların və kitabxanaların əhalinin savadının, dünyagörüşünün artırılmasında əhəmiyyətli rolundan söz açıb.

   Kitab bayramında 1110 adda nəşr, 50 adda elektron kitab, Sabirabad şəhər 5 ¹-li Nizami Gəncəvi adına orta məktəb şagirdlərinin əl işləri nümayiş etdirilib. Balaca fidanların ifasında ulu öndər haqqında şeirlər alqışlarla qarşılanıb. Ulu öndər haqqında mahnılar tədbirə rəng qatıb. Sərgilənən kitablar və əl işləri iştirakçılarda geniş marağa səbəb olub.

 

Mədəniyyət.- 2013.- 5 iyun.- S. 15.